Bələdiyyələrin əraziləri və torpaqları haqqında qanun

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

1. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə bələdiyyələrin siyahısı təsdiq edilsin (əlavə olunur). Bələdiyyələrin əraziləri bu siyahıya uyğun müəyyənləşdirilir.

Bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir.[1]

2. Müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər.

Sənədlərin hazırlanması və torpaqların bələdiyyələrə təhvil verilməsi müddəti icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

3. Bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, habelə onlardan istifadə və onlara dair sərəncam verilməsi sahəsində idarəetmə mülki və torpaq qanunvericiliyinin habelə "Şəhərsalmanın əsasları haqqında" və "Memarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə və bələdiyyənin nizamnaməsinə uyğun həyata keçirilir.[2]

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 dekabr 1999-cu il

                 № 771-IQ