Nəsimi Bələdiyyəsi tərəfindən vətəndaşların, müəssisələrin və təhsil ocaqlarının müraciətlərinə operativ baxılması, onların qaldırdığı məsələlərin qısa müddətdə həll edilməsi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən növbəti tədbirlərdən biri də İMSA Maarif Schools tam orta ümumtəhsil məktəbinin müraciəti əsasında reallaşdırılıb.
Belə ki, məktəbin direktoru Əzim Heydərov tərəfindən Nəsimi Rayon Bələdiyyəsinə ünvanlanmış rəsmi müraciətdə Bakı şəhəri, Nəsimi rayonu, Əli Mustafayev küçəsi 5 ünvanında fəaliyyət göstərən təhsil müəssisəsinin qarşısında yerləşən ərazidə asfalt örtüyünün və səkilərin yararsız vəziyyətə düşdüyü bildirilib. Müraciətdə qeyd olunub ki, giriş hissəsində asfalt örtüyünün köhnəlməsi və səkilərin sıradan çıxması həm ərazinin estetik görünüşünə mənfi təsir göstərir, həm də şagirdlərin, valideynlərin və sakinlərin hərəkəti zamanı müəyyən çətinliklər yaradır.
Məktəb rəhbərliyi müraciətində həmin ərazidə asfalt örtüyünün və səkilərin yenilənməsi üçün Nəsimi Bələdiyyəsinin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlərin görülməsini xahiş edib. Eyni zamanda vurğulanıb ki, nəzərdə tutulan işlərin həyata keçirilməsi məktəb ətrafının abadlaşdırılmasına, təhlükəsizliyin artırılmasına və ərazinin ümumi estetik görünüşünün yaxşılaşdırılmasına mühüm töhfə verəcək.
Nəsimi Bələdiyyəsi daxil olmuş müraciəti operativ şəkildə araşdıraraq qısa müddətdə müvafiq tədbirlərin icrasına başlayıb. Layihənin icrasına 9 iyun 2026-cı il tarixində start verilib və işlər yüksək keyfiyyətlə həyata keçirilərək 12 iyun 2026-cı il tarixində tam başa çatdırılıb.
İcra olunan işlər çərçivəsində 86 paqonmetr boru vurulub, 7 ədəd kanalizasiya lükü asfalt səviyyəsinə qaldırılıb, 150 paqonmetr qaz borusu rənglənib. Bundan əlavə, 1050 kvadratmetr sahəyə qalınlığı 5 santimetr olan xırda dənəli asfalt örtüyü salınıb, 630 paqonmetr asfalt örtüyü üzərində yol nişanlanma xətləri çəkilib.
Həyata keçirilən abadlıq işləri nəticəsində məktəbə giriş və çıxış daha təhlükəsiz və rahat vəziyyətə gətirilib, ərazinin estetik görünüşü əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bu işlərdən məktəbin müəllim və şagird kollektivi ilə yanaşı, ərazidə yaşayan sakinlər də faydalanacaqlar.
Nəsimi Bələdiyyəsi bundan sonra da daxil olan müraciətlərə həssas yanaşaraq, rayon ərazisində abadlıq-quruculuq işlərini davam etdirəcək, sakinlərin rahatlığının təmin olunması və müasir şəhər mühitinin formalaşdırılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.