Aktın növü
Qəbul edildiyi tarix
Qeydiyyat nömrəsi
Adı
Rəsmi dərc
edildiyi mənbə
Qüvvəyə minmə tarixi
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
YERLİ
ÖZÜNÜİDARƏ ORQANLARININ QƏRARLARI
07.02.2020
03
“Bakı şəhəri Nəsimi rayonunun Nəsimi bələdiyyəsinin Nizamnaməsi”nin təsdiq
edilməsi haqqında
10.02.2020
010.230.000
26202002070003
09.02.2020
ÇIXARIŞ
Gündəlikdə
duran məsələ:
1. “Bakı şəhəri Nəsimi rayonunun Nəsimi bələdiyyəsinin Nizamnaməsi”nin təsdiq
edilməsi haqqında Nəsimi bələdiyyəsinin iclası
QƏRARA
ALIR:
1. “Bakı
şəhəri Nəsimi rayonunun Nəsimi bələdiyyəsinin Nizamnaməsi” təsdiq edilsin
(əlavə edilir).
2. Nizamnamə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya
Qanununun 4.2-ci və 64.4-cü maddələrinə əsasən Nəsimi rayonunun Nəsimi
bələdiyyəsinin nizamnaməsində müvafiq dəyişikliklər edilərək nizamnamə yeni
redaksiyada qəbul edildiyi üçün həmin bələdiyyənin 2000-ci il 21 fevral tarixli
03 nömrəli qərarı ləğv edilsin.
4. Qərarın icrası Nəsimi bələdiyyəsinin sədrinə həvalə edilsin.
Sədr: Əziz
Zeynalov
Katib: Arzu Məmmədov
“Təsdiq edilmişdir”
Bakı şəhəri Nəsimi rayonunun Nəsimi
bələdiyyəsinin 07 fevral 2020-ci
il tarixli
iclasının 03 nömrəli qərarı
Sədr Əziz Zeynalov
BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONUNUN NƏSİMİ
BƏLƏDİYYƏSİNİN NİZAMNAMƏSİ
1. Ümumi
müddəalar
1.1. Bu Nizamnamə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan
Respublikasının 1999-cu il 2 iyul tarixli 698-IQ nömrəli Qanununa və Azərbaycan
Respublikasının 1999-cu il 15 oktyabr tarixli 709-IQ nömrəli Qanunu ilə təsdiq
edilmiş “Bələdiyyənin nümunəvi nizamnaməsi”nə və digər qanunvericilik aktlarına
uyğun olaraq hazırlanmışdır.
1.2. Nəsimi rayonunun Nəsimi bələdiyyəsi (bundan sonra Bələdiyyə) Azərbaycan
Respublikasının Konstitusiyasına, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan
Respublikasının Qanununa və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun
olaraq ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli
səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət kollegial orqan olub
qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetməni həyata
keçirmək məqsədilə yaradılmışdır.
1.3. Bələdiyyə fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını və bu Nizamnaməni
rəhbər tutur.
1.4. Bələdiyyənin adı: Nəsimi rayonunun Nəsimi bələdiyyəsi.
1.5. Bələdiyyənin ünvanı: Nəsimi rayonu, Səməd Vurğun küçəsi 112. Nəsimi
rayonunun Nəsimi bələdiyyəsi Nəsimi rayonunun ərazi sərhədləri daxilində
özünüidarəetmə formasında fəaliyyət göstərir.
1.6. Bələdiyyə hüquqi şəxsdir, onun öz möhürü, ştampı, bankda hesabı vardır.
1.7. Bələdiyyə digər bələdiyyələrlə birlikdə öz fəaliyyətlərini əlaqələndirmək,
hüquq və mənafelərini daha səmərəli həyata keçirmək məqsədilə ittifaqlar yarada
bilər. Həmin ittifaqlar qanunvericiliyə uyğun qaydada qeydiyyata alınır.
Bələdiyyə ittifaqlarına bələdiyyənin səlahiyyətləri verilmir.
2.
Bələdiyyə üzvünün hüquq və vəzifələri
2.1. Bələdiyyə üzvü – bələdiyyə seçkilərində seçilmiş, mandatı
ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir.
2.2. Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər
barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış
edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş
namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır.
2.3. Bələdiyyə üzvü bələdiyyənin, bələdiyyənin iclasları arasındakı dövrdə isə
bələdiyyə sədrinin qabaqcadan razılığı olmadan əmək müqaviləsi ilə işlədiyi
yerdə müdiriyyətin təşəbbüsü ilə işdən çıxarıla bilməz, yaxud intizam tənbehi
qaydasında azmaaşlı işə keçirilə bilməz.
2.4. Bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verir.
2.5. Bələdiyyə üzvü daimi yaşamaq üçün bələdiyyənin hüdudlarından kənara
köçdükdə və ya başqa səbəblərdən bələdiyyə üzvlüyü vəzifələrini yerinə yetirə
bilmədikdə, bələdiyyə üzvlüyü səlahiyyətlərini öhdəsindən götürməsi haqqında
bələdiyyəyə ərizə verir.
2.6. Bələdiyyənin növbəti iclası ərizəyə baxıb müvafiq qərar qəbul edir və bu
qərarı həmin dairənin seçicilərinin nəzərinə çatdırır.
3.
Bələdiyyənin fəaliyyətinin təşkili. Bələdiyyənin iclasları
3.1. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır.
3.2. Bələdiyyə iclaslarında həll edilən məsələlər:
3.2.1. bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən
edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam
verilməsi;
3.2.2. bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
3.2.3. bələdiyyənin sədrinin, onun müavinlərinin, daimi və başqa
komissiyalarının seçilməsi;
3.2.4. vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəyicilərinin ayrı-ayrı
kateqoriyalarını vergidən tam və ya qismən azad etmək, vergi dərəcələrinin
aşağı salınması barədə qərar qəbul edilməsi və yerli ödənişlərin müəyyən
edilməsi;
3.2.5. növbəti büdcə ili üzrə yerli büdcənin layihəsini və onun icrası haqqında
hesabatların və illik və yarımillik maliyyə hesabatlarının təsdiq edilməsi;
3.2.6. bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində
sərəncam;
3.2.7. dövlət sosial təminatından əlavə mütəmadi və birdəfəlik sosial təminat,
dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və
ya onlara əlavə olaraq, təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış
binalarının saxlanılması və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili,
saxlanılması və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən
istifadə, su təchizatının və kanalizasiya təsərrüfatının təşkili, saxlanılması
və inkişafı, yanacaq təchizinin və satışının təşkili, bələdiyyə yollarının
tikilməsi və saxlanılması, mövcud qəbiristanlıqların qorunması, saxlanılması,
idarə olunması, abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin
ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin
təmiri və yenilərinin inşası, mərasim və dəfn xidmətlərinin, o cümlədən
bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan
mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi, yerli
nəqliyyat və rabitə xidmətinin təşkili, ticarət, ictimai iaşə və məişət xidmətlərinin
təşkilinə şərait yaradılması, mədəniyyət müəssisələrinin inkişafına yardım
göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması, informasiya
xidmətinin təşkili, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün şərait
yaradılması, kimsəsizlərə, xəstələrə, qocalara, maddi imkansızlara, valideyn
himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara əlavə yardım, fiziki
tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin məşğulluğuna,
adamların peşələri üzrə işlə təmin olunmasına, gənclərin sosial hüquqi
müdafiəsinə, ailə kəndli təsərrüfatının inkişafına kömək göstərilməsi və yerli
infrastrukturun digər sahələrini əhatə edən yerli sosial müdafiə və sosial
inkişaf proqramlarının qəbul və icra edilməsi. Bu məsələlər üzrə bələdiyyə dövlət
orqanlarının müvafiq proqramlarının həyata keçirilməsinə müdaxilə edə bilməz;
3.2.8. dövlətin həyata keçirdiyi iqtisadi inkişaf proqramlarında nəzərdə
tutulmayan və ya əlavə olaraq yerli əhəmiyyətli aqrar, sənaye, rabitə,
nəqliyyat və digər sahələrin təşkili və inkişafını əhatə edən iqtisadi inkişaf
proqramların qəbul və icra edilməsi. Bələdiyyə torpaqlarından və bələdiyyəyə
verilmiş əmlakdan səmərəli istifadə yollarını müəyyən edən proqramlar işləyib
hazırlayır və həyata keçirir. Yerli iqtisadi inkişaf proqramını həyata
keçirərkən bələdiyyə dövlət orqanlarının səlahiyyətlərinin həyata keçirilməsinə
müdaxilə edə bilməz;
3.2.9. dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya
onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə
yerli əhalini cəlb etməklə yerli şəraitdə mövcud olan ekoloji tarazlığın
qorunub saxlanılması, bələdiyyə ərazisinin yaşıllaşdırılması və
abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi,
zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər
görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu
bələdiyyələrlə ekoloji tədbirlərin və yerli əhəmiyyətli digər tədbirləri əhatə
edən ekoloji proqramların qəbul və icra edilməsi. Bələdiyyə dövlətin ekoloji
proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən
hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərir;
3.2.10. yerli rəy sorğusunu təyin etmək barədə qərar qəbul edir.
3.3. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və
katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın
protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın
keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və
dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi,
gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları,
soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş
məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin
nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni
ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin
iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən
nömrə protokolun nömrəsi hesab olunur.
Bələdiyyənin daimi və başqa komissiyaları
3.4. Bələdiyyə öz səlahiyyətlərinə aid məsələlərin qabaqcadan nəzərdən
keçirilməsi və qərar layihələrinin hazırlanması üçün, habelə bələdiyyənin
qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində
olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün daimi və başqa
komissiyalar təşkil edir. Daimi və başqa komissiyalar səlahiyyətləri daxilində
fəaliyyətlərinin təşkili məqsədi ilə öz işinə ekspertlər cəlb edə bilər. Daimi
və başqa komissiyalar Azərbaycan Respublikasının 2000-ci il 14 aprel tarixli
859-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin daimi və başqa
komissiyaları haqqında” Əsasnamə və bu Nizamnamə əsasında fəaliyyət göstərir.
3.5. Bələdiyyənin daimi və başqa komissiyaları bələdiyyə üzvlərindən ibarətdir.
3.6. Bələdiyyənin daimi və başqa komissiyalarının əsas vəzifələri
aşağıdakılardan ibarətdir:
3.6.1. yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, ekoloji, iqtisadi
inkişaf, yerli xidmət üzrə proqramlar hazırlayıb bələdiyyənin iclasına və ya
bələdiyyənin qərarına əsasən yerli əhalinin müzakirəsinə çıxarmaq;
3.6.2. yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında
müzakirə üçün proqramlar, arayışlar, qərar layihələri və başqa materiallar
hazırlamaq;
3.6.3. bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq;
3.6.4. seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkilinə və
yoxlanılmasına kömək etmək.
3.7. Daimi və başqa komissiyalar bələdiyyə qarşısında məsuliyyət daşıyır və ona
hesabat verir.
Bələdiyyənin icra orqanı
3.8. Bələdiyyənin icra orqanı onun icra aparatıdır.
3.9. Bələdiyyənin icra aparatı bələdiyyənin sədrindən, yerli əhaliyə xidmət,
iqtisadi, ekoloji, sosial müdafiə və sosial inkişaf proqramlarını həyata
keçirmək üçün yaradılan idarə, şöbə və digər struktur bölmələrdən ibarətdir.
Bələdiyyənin icra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimi və başqa
komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat
məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir,
bələdiyyənin qərarlarının icrasını təmin edir. Bələdiyyənin icra aparatının
struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və
bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında
səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər.
3.10. Yerli əhaliyə xidmət, iqtisadi və sosial proqramlarını həyata keçirmək
üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyənin qərarına əsasən,
digər işçilərini isə birbaşa bələdiyyənin sədri vəzifəyə təyin edir.
3.11 .Bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyənin sədri rəhbərlik
edir.
3.12. Bələdiyyənin icra aparatının strukturu onun qarşısında duran vəzifələrdən
və maliyyə vəziyyətindən asılı olaraq bələdiyyə iclasının qərarı ilə təsdiq
edilir.
3.13. Bələdiyyənin icra aparatının səlahiyyətlərinə aşağıdakılar daxildir:
3.13.1. bələdiyyəyə baxılmaq və təsdiq edilmək üçün təqdim edilən büdcə, plan,
proqram və qərar layihələrinin hazırlanması;
3.13.2. bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi;
3.13.3. bələdiyyə sədrinin qəbul etdiyi qərarların yerinə yetirilməsi;
3.13.4. bələdiyyə mülkiyyətinin və bələdiyyənin istifadəsinə verilmiş başqa
mülkiyyətin idarə edilməsi;
3.13.5. qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətlərin həyata
keçirilməsi;
3.13.6. bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata
keçirilməsinin təşkili.
Vətəndaşların yığıncaqları
3.14. Bu Nizamnaməyə uyğun olaraq, əhalinin yerli əhəmiyyətli məsələlərə dair
bələdiyyə aktları yaratmaq təşəbbüsü göstərmək hüququ vardır. Yerli əhəmiyyətli
məsələlər barəsində əhalinin bələdiyyəyə verdiyi bələdiyyə aktlarının
layihələri hökmən əhalinin nümayəndələrinin iştirakı ilə açıq iclaslarda
müzakirə olunmalı, nəticələri rəsmən elan edilməlidir.
3.15. Yerli özünüidarənin həyata keçirilməsində vətəndaşlar Azərbaycan
Respublikasının Konstitusiyası və qanunlarına, habelə bu Nizamnaməyə zidd
olmayan digər formalarda (məhəllə komitələri, assosiasiyalar, xeyriyyə
təşkilatları və sair) iştirak edə bilərlər.
3.16. Qanunla müəyyən edilmiş hallarda yerli əhəmiyyətli məsələlərə münasibət
bildirmək, təkliflər irəli sürmək, kollektiv rəy söyləmək, qərarlar qəbul etmək
məqsədi ilə Bələdiyyə ərazisində yaşayan vətəndaşlar öz yığıncaqlarını keçirə
bilərlər.
3.17. Vətəndaşların yığıncaqlarında 18 yaşı tamam olmuş vətəndaşların iştirak
etmək hüququ vardır.
3.18. Vətəndaşların yığıncaqlarında bələdiyyənin Nizamnaməsi və başqa qərarlar
qəbul edilir, dəyişdirilir və ləğv olunur.
3.19. Vətəndaşların yığıncaqları bələdiyyənin ərazisində yaşayan və səsvermə
hüququ olan vətəndaşların azı 25 faizi iştirak etdikdə səlahiyyətlidir.
4.
Bələdiyyə sədri və sədr müavininin səlahiyyət müddəti
4.1. Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci
iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə
seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini
topladıqda seçilmiş hesab olunur.
4.2. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya
gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə
üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
4.3. Bələdiyyənin sədri və onun müavinləri aşağıdakı hallarda “Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 1-ci və
2-ci hissələrində göstərilən qaydada vaxtından əvvəl vəzifəsindən azad
edilirlər:
4.3.1. öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə;
4.3.2. bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına
sərəncam verdikdə;
4.3.3. bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd
olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla);
4.3.4. əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itirməsi
ilə əlaqədar vəzifəni yerinə yetirə bilmədikdə;
4.3.5. qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə
yetirmədikdə;
4.3.6. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası
Qanununun 10-cu maddəsində göstərilən qaydada yerli büdcənin müzakirəsini və
təsdiqini təşkil etmədikdə;
4.3.7. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
4.4. Bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını
imzalayır. Eyni zamanda sədr bələdiyyənin fəaliyyətini təşkil edir, aktların
icrasını təmin edir, bələdiyyə aktlarının elektron informasiya ehtiyatlarında
açıqlanmasını təmin edir, üçüncü şəxslərin qarşısında bələdiyyəni təmsil edir,
icra aparatının işini təşkil edir.
4.5. Bələdiyyə sədrinin müavini bələdiyyə sədrinin ona aid etdiyi məsələləri
həll edir, bələdiyyə sədri olmadıqda onun səlahiyyətlərini həyata keçirir.
4.6. Səlahiyyət müddəti bitən və ya vaxtından əvvəl vəzifədən azad edilən
bələdiyyə sədri və ya bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxs 10
gün müddətində bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədləri bələdiyyənin
yeni sədrinə (bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxsə) təhvil
verməlidir.
5.
Bələdiyyə aktlarının qəbul edilməsi və qüvvəyə minməsi qaydası
5.1. Bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlərlə
bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar
isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
5.2. Bələdiyyənin normativ xarakterli aktları bələdiyyə iclası tərəfindən
təsdiq olunduqdan sonra bələdiyyənin sədri, o olmadıqda isə onun vəzifəsini
icra edən müavini tərəfindən imzalanmış müşayiət məktubu ilə birgə Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə təqdim edilir.
5.3. Bələdiyyənin normativ xarakterli aktları onların qüvvəyə minməsinin daha
gec müddəti nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edildikdən sonra Dövlət Reyestrinin elektron variantında
dərc edildiyi gündən qüvvəyə minir.
6.
Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin
məsuliyyətinin əsasları və növləri
6.1. Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli
şəxsləri öz fəaliyyətlərinə və qəbul etdikləri qərarlara, hüquqazidd
hərəkətlərinə (hərəkətsizliyinə) görə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
6.2. Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin
qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə
qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər.
7.
Bələdiyyənin hesabatı
7.1. Bələdiyyə aşağıdakı hallarda öz fəaliyyəti barəsində
Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edir:
7.1.1. Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə
əsasən qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə
səlahiyyətlərin həyata keçirilməsi barədə;
7.1.2. “Bələdiyyələrin statusu haqqında” Qanunla müəyyən edilmiş hallarda yerli
büdcələrə Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrılmış maliyyə
vəsaitlərinin istifadəsi barədə.
7.2. Bələdiyyə ilin yekununa görə aprel ayının 1-dək hesabat təqdim edir.
8.
Bələdiyyə üzvlərinin statusu və sosial təminatları
8.1. Bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir.
8.2. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət
müddətində qüvvədədir.
8.3. Bələdiyyə üzvləri “Bələdiyyələrin statusu haqqında” Qanunun 15-ci
maddəsində nəzərdə tutulmuş say həddində öz səlahiyyətlərini daimi əsasla icra
edirlər.
8.4. Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinə:
8.4.1. əmək haqqı bələdiyyə büdcəsinin vəsaiti hesabına ödənilir;
8.4.2. səlahiyyət müddəti onun ümumi və fasiləsiz iş stajına daxil edilir.
8.5. Bələdiyyənin qərarı ilə yerli büdcənin hesabına səlahiyyətlərini daimi
əsasla icra edən bələdiyyə üzvünə müalicə olunması və istirahət etməsi üçün hər
il onun orta aylıq əmək haqqının 1 misli məbləğində müavinət verilir.
8.6. Səlahiyyətlərini daimi əsasla icra etmiş və səlahiyyət müddəti
qurtardıqdan sonra yeni müddətə seçilməyən bələdiyyə üzvlərinə bələdiyyənin
qərarı ilə iki ay müddətində onların orta aylıq əmək haqqının 2 misli
məbləğində müavinət verilir.
9.
Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi əsasları və qaydası
9.1. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə onların səlahiyyət
müddəti qurtardıqda xitam verilir.
9.2. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə aşağıdakı əsaslara görə vaxtından
əvvəl xitam verilir:
9.2.1. bələdiyyə seçkiləri zamanı səslərin düzgün hesablanmadığı aşkar
edildikdə;
9.2.2 öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
9.2.3. bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə
uyğun gəlmədiyi aşkar edildikdə;
9.2.4. qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə
tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda;
9.2.5. altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə
yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi
həkim komissiyasının rəyi olduqda;
9.2.6. ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda
və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən
iştirak etmədikdə.
9.3. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi Azərbaycan
Respublikası Konstitusiyasının 144-cü və 145-ci maddələrinə müvafiq surətdə
bələdiyyə iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarı əsasında həll
edilir. Bu hissənin 9.2.1-ci, 9.2.3-cü, 9.2.5-ci və 9.2.6-cı yarımbəndlərində
nəzərdə tutulmuş əsaslar olduqda bələdiyyə qərarı məhkəmənin qüvvəyə minmiş
qərarından sonra qəbul edilir.
10.
Bələdiyyə üzvünün fəaliyyəti ilə əlaqədar məsuliyyət və intizam tədbirləri
10.0. Bələdiyyə üzvü barəsində bələdiyyədə fəaliyyəti ilə əlaqədar
aşağıdakı hallarda intizam tədbirləri tətbiq edilir:
10.0.1. bələdiyyə iclaslarının aparılmasına mane olduqda xəbərdarlıq, sözkəsmə,
iclas zalından çıxarma intizam tədbirləri tətbiq edilir, ikinci dəfə və
sonralar belə hərəkətlərə yol verdikdə töhmət elan edilir;
10.0.2. bələdiyyənin, onun daimi və başqa komissiyalarının iclaslarında insanın
şərəf və ləyaqətinə xələl gətirən kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol
verildikdə, başqalarını bu cür hərəkətlər etməyə çağırdıqda xəbərdarlıq, sözkəsmə,
iclas zalından çıxarma və töhmət elan edilir;
10.0.3. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5.1-ci maddəsində
müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində
göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti
yaratmadıqda) xəbərdarlıq və töhmət elan edilir.
11.
Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi əsasları və qaydası
11.1. Bələdiyyə üzvlərinin səlahiyyətləri aşağıdakı hallarda
itirilmiş hesab edilir:
11.1.1. barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi
xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;
11.1.2. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə
tərəfindən müəyyən edildikdə;
11.1.3. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, başqa dövlətin
vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;
11.1.4. vəfat etdikdə;
11.1.5. məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab
edildikdə.
11.2. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi Azərbaycan Respublikası
Konstitusiyasının 144-cü və 145-ci maddələrinə müvafiq surətdə bələdiyyə
iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarı əsasında həll edilir. Bu
hissənin 11.1.1-ci, 11.1.2-ci, 11.1.3-cü və 11.1.5-ci yarımbəndlərində nəzərdə
tutulmuş əsaslar olduqda bələdiyyə qərarı məhkəmənin qüvvəyə minmiş qərarından
sonra qəbul edilir.
12.
Bələdiyyə üzvlərinin, bələdiyyə orqanlarının vəzifəli şəxslərinin hüquqları
üçün təminatlar
12.1. Bələdiyyənin Azərbaycan Respublikası Konstitusiyası və
qanunları ilə müəyyənləşdirilmiş hüquqlarının məhdudlaşdırılması qadağandır.
12.2. Konstitusiya quruluşunun qorunması, ölkənin müdafiəsi və dövlətin
təhlükəsizliyinin təmin edilməsi məqsədilə vətəndaşların yerli özünüidarənin
həyata keçirilməsi hüquqları yalnız qanuna əsasən və qanunda müəyyənləşdirilmiş
müddətə məhdudlaşdırıla bilər.
12.3. Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən
hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə
bilməz.
12.4. Bələdiyyənin qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı
olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər
tərəfindən hökmən icra edilməlidir.
12.5. Bələdiyyə qərarları onları qəbul etmiş orqan tərəfindən ləğv oluna və ya
məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.
12.6. Bələdiyyə ərazisində yaşayan vətəndaşlar, bələdiyyələr, bələdiyyə
orqanları və bələdiyyə orqanlarının vəzifəli şəxsləri dövlət hakimiyyəti
orqanlarının və dövlətin vəzifəli şəxslərinin, bələdiyyələrin, bələdiyyə
orqanlarının və bələdiyyə orqanlarının vəzifəli şəxslərinin, bələdiyyənin
yaratdığı hüquqi şəxslərin, habelə ictimai birliklərin bələdiyyənin hüquqlarını
pozan aktlarının etibarsız sayılması barədə, habelə bələdiyyə üzvləri və
bələdiyyə orqanlarının vəzifəli şəxslərinin hüquqlarının şərəf və
ləyaqətlərinin müdafiəsi ilə əlaqədar məhkəməyə iddia verə bilərlər.
13.
Bələdiyyə qulluğu təşkilinin şərtləri və qaydası
13.1. Bələdiyyə orqanlarında təyin olunmaqla vəzifə tutan və
ödənişli əsaslarla xidmət göstərən işçi bələdiyyə qulluqçularıdır.
13.2. Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz.
13.3. Bələdiyyə sədri və bələdiyyənin icra aparatı struktur bölmələrinin
rəhbərləri bələdiyyə qulluğu ilə bağlı təşkilati rəhbərliyi həyata keçirir və
aşağıdakı vəzifələr daşıyırlar:
13.3.1. “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun yerinə
yetirilməsi üzərində nəzarət;
13.3.2. əlavə təhsil sahəsində işin təşkil edilməsi;
13.3.3. bələdiyyə qulluqçularının yerdəyişməsinə dair təkliflərin verilməsi;
13.3.4. bələdiyyə tərəfindən qəbul edilmiş qərarların icra edilməsi.
13.4. Bələdiyyə qulluqçularının aşağıdakı hüquqları vardır:
13.4.1. işə qəbul etmək və işdən azad etmək səlahiyyətinə malik olan vəzifəli
şəxsdən öz xidməti vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların
həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını tələb etmək;
13.4.2. vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi üçün Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq
orqanlardan, idarə, təşkilat və vətəndaşlardan zəruri məlumat və sənədləri
almaq;
13.4.3. səlahiyyətləri daxilində məsələlərin baxılmasında və onların həlli ilə
əlaqədar qərar qəbul edilməsində iştirak etmək;
13.4.4. həmkarlar ittifaqı yaratmaq, onlara daxil olmaq və təmsil etmək;
13.4.5. əlavə təhsil almaq;
13.4.6. bələdiyyə qulluğunun təkmilləşdirilməsi üzrə təkliflər vermək;
13.4.7. öz hüquq və azadlıqlarının müdafiəsinin təminatını tələb etmək.
13.5. Bələdiyyə qulluqçularının vəzifələri:
13.5.1. öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına əməl etmək;
13.5.2. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxmaq;
13.5.3. rəhbərliyin “Bələdiyyələrin statusu haqqında” Azərbaycan
Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunvericilik aktları
və bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində qəbul etdiyi
əmr və sərəncamları yerinə yetirmək;
13.5.4. əmək və icra intizamına riayət etmək;
13.5.5. yerli icra hakimiyyətlərinin müvafiq strukturları ilə fəaliyyətlərini
əlaqələndirmək və yerli problemlərin həllində qarşılıqlı fəaliyyət göstərmək.
13.6. Bələdiyyə qulluqçuları üçün qulluqla bağlı aşağıdakı qadağalar nəzərdə
tutulur:
13.6.1. qanunverici, icra və məhkəmə orqanlarında vəzifə tutmaq, habelə
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü olmaq;
13.6.2. vəzifəsinin icrası ilə bağlı ona bəlli olan məlumatdan xidməti
vəzifədən kənar məqsədlər üçün istifadə etmək.
13.7. Bələdiyyə qulluqçularına bələdiyyələrdə qulluğa təyin edildikdən sonra
xidməti vəsiqə verilir.
13.8. Bələdiyyə icra aparatının tərkibi bələdiyyənin fəaliyyət göstərdiyi
ərazidən, qarşısında duran vəzifələrdən və maliyyə vəsaitindən asılı olaraq
bələdiyyə tərəfindən təyin edilən idarə rəisləri və rəis müavinindən, şöbə
müdirləri və onların müavinindən, mütəxəssislərdən, müfəttişlərdən və digər
işçilərdən təşkil olunur.
14. Yerli
özünüidarənin həyata keçirilməsinin iqtisadi və maliyyə əsasları, bələdiyyə
mülkiyyətinə sahibliyin, ondan istifadənin və ona sərəncam verilməsinin ümumi
qaydası
14.1. Yerli özünüidarənin iqtisadi əsaslarını bələdiyyə
mülkiyyəti, yerli maliyyə, dövlət mülkiyyətində olan və bələdiyyənin
istifadəsinə verilmiş bələdiyyə əhalisinin tələbatının ödənilməsinə xidmət edən
əmlak təşkil edir.
14.2. Bələdiyyə öz əmlakına dair mülkiyyətçi hüququna malikdir, yəni sərbəst
olaraq əmlakına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir.
14.3. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına
formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları,
bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və
təşkilatları, bələdiyyə mənzil fondları və qeyri yaşayış binaları, dövlət və
xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və
idman müəssisələri və digər daşınar və daşınmaz əmlak daxildir.
14.4. Bələdiyyə bələdiyyə mülkiyyətini idarə edir. Bələdiyyə mülkiyyətinin
tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyə, Azərbaycan
Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali
həyata keçirir.
14.5. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki
və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər,
qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə
mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən
və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və
sazişlərlə müəyyənləşdirə bilər. Yerli əhalinin mənafeyi naminə bələdiyyənin
hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə bilər.
14.6. Qanunla başqa hal nəzərdə tutulmayıbsa, bələdiyyə mülkiyyətinin
özəlləşdirilməsi qaydası və şərtlərini bilavasitə əhali və ya bələdiyyə
müstəqil surətdə müəyyənləşdirir və özəlləşdirmədən daxil olan vəsaitlər
bütünlükdə yerli büdcəyə daxil olur.
14.7. Bələdiyyə mülkiyyətindən yalnız Azərbaycan Respublikasının Konstitusiyası
və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə
tutulmuş bələdiyyə vəzifələri üçün istifadə oluna bilər.
14.8. Qanuna uyğun olaraq bələdiyyə təsərrüfat fəaliyyəti ilə və
qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil
hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll
edə bilər.
14.9. Bələdiyyə yaratdığı hüquqi şəxslərin fəaliyyət məqsədlərini, şərtlərini
və qaydasını müəyyənləşdirir, onların məhsulunun (xidmətlərinin) qiymətlərini
və tariflərini tənzimləyir, nizamnamələrini təsdiq edir, rəhbərlərini təyin və
azad edir, fəaliyyətinə dair hesabatlarını dinləyir.
14.10. Bələdiyyə yaratdığı hüquqi şəxslərin rəhbərləri ilə münasibətləri mülki
və əmək qanunvericiliyi, digər hüquqi və fiziki şəxslərlə münasibətləri isə
müqavilələr əsasında qurur.
14.11. Bələdiyyə ərazisinin kompleks sosial-iqtisadi inkişafında hüquqi və
fiziki şəxslərin iştirakını əlaqələndirə bilər.
14.12. Bələdiyyə öz maddi və maliyyə vəsaitlərindən istifadə etməklə bələdiyyə
ərazisinin abadlaşdırılması, əhaliyə kommunal xidmətlər göstərilməsi, sosial
infrastruktur obyektlərinin tikintisi və təmiri, ərazi əhalisinin məişət və
sosial-mədəni tələbatının ödənilməsi üçün zəruri məhsulların istehsalı,
xidmətlərin göstərilməsi və digər işlərin görülməsi üçün sifarişçi kimi çıxış
edə bilər.
14.13. Bələdiyyə yerli əhalinin mənafeyi üçün qanunla müəyyənləşdirilmiş
qaydada xarici iqtisadi fəaliyyətlə məşğul ola bilər.
14.14. Bələdiyyə Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilmiş qaydada və şərtlərlə məqsədli büdcədənkənar fondlar yarada
bilər.
14.15. Bu Nizamnamə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
***